“Ezamiyyə xərclərinin normaları haqqında” Qərara edilmiş dəyişiklik


Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Ezamiyyə xərclərinin normaları haqqında” Qərara dəyişiklik edilmişdir. Bu Qərar 05 aprel 2024-cü il tarixindən etibarən qüvvədədir. 


Ölkə ərazisində ezamiyyə xərclərinin 1 günlük normasının 80%-ni təşkil edən mehmanxana xərcləri 70%-ə endirilmiş, gündəlik yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər 20%-dən 30%-ə qaldırılmışdır. 


Əlavə olaraq, ölkə ərazisində ezamiyyə xərclərinin 1 günlük norması müvafiq şəkildə artırılmışdır: 


• Bakı şəhəri üzrə 90 manatdan 125 manata; 

• Naxçıvan şəhəri üzrə 70 manatdan 100 manata; 

• Gəncə və Sumqayıt şəhərləri üzrə 70 manatdan 95 manata; 

• Digər şəhərlər, rayon mərkəzləri, şəhər tipli qəsəbələr və kəndlər üzrə 65 manatdan 90 manata. 


Eyni zamanda, daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün verilməli olan əlavə vəsait 15 manatdan 20 manat məbləğinə artırılmışdır. 


Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları: https://nk.gov.az/az/senedler/qerarlar/ezamiyye-xerclerinin-normalari-haqqinda-azerbaycan7959