7-ci NƏŞR, 23.08.2021
İnvestisiya təşviqi sənədi
İnvestisiya təşviqi sənədi
Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə “investisiya təşviqi sənədi”nin verilməsi qaydaları təsdiqlənib.
Məqsəd
İnvestisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılmasına uyğun olaraq investisiyaların təşviqi ilə bağlı mexanizmin təkmilləşdirilməsidir.
Üstünlükləri
Bu sənədi alan hüquqi şəxslər və sahibkarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə edir. Güzəştlərə aşağıdakılar daxildir:
Vergi Məcəlləsi üzrə:
102.1.23. investisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı tarixdən əldə etdiyi gəlirin 50 faizi - 7 il müddətinə gəlir vergisindən azaddır;
106.1.17. investisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi - 7 il müddətinə vergidən azaddır;
164.1.26. investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə idxal ƏDV-dən azaddır;
199.11. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır;
207.5. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.
Gömrük tarifi haqqında qanun üzrə:
20.0.17. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə gömrük rüsumundan azaddır.
Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar əvvəlcədən müəyyən olunmuş tələblərə uyğun investisiya layihələrinə başladıqda investisiya təşviqi sənədi ala bilərlər. İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən aşağıdakı meyarlara cavab verən investisiya layihələrinə verilir:
- investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsi;
- investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ;
- investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri
Sənədin verilməsi üçün tələb edilən konkret meyarlar Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanı ilə təsdiq edilib: