9-cu NƏŞR, 01.11.2021
Praktiki suallar və cavablar
Güzəştli vergi tutulan ölkələr nədir və vergi yanaşması necə müəyyən olunur?
Bildiyiniz kimi güzəştli vergi tutulan ölkələrdə əldə edilən gəlirlər Vergi Məcəlləsinin 128-ci maddəsi ilə tənzimlənir. Güzəştli vergi tutulan xarici ölkə dedikdə, vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkə başa düşülür.
Güzəştli vergi tutulan ölkələrdə qeydiyyatda olan qeyri rezident tərəfindən iş və xidmətlərin göstərilməsi ilə bağlı rezident müəssisənin və fərdi sahibkarın ödəmələrindən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmaqla yanaşı, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilir.
Yuxarıdakı açıqlamadan gördüyünüz kimi, bu əməliyyatda ayrı ayrı maddələrə istinad edilərək iki ayrı 10% hesablamaq lazımdır. Praktika Bizə ən çox yönləndirilən suallardan biri odur ki, Vergi Məcəlləsinin 3.5-ci maddəsində qeyd edilir ki, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Bəs bu halda, iki ayrı 10% vergi məbləğinin hesablanması Məcəllənin maddələri arasında ziddiyyət təşkil etmir mi? Bildirmək istəyirik ki, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsi qeyri-rezident şəxslərin işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar əldə etdiyi gəlirlərindən, habelə Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlərindən ödəmə mənbəyində verginin tutulmasını nəzərdə tutur. Vergi Məcəlləsinin 125.1.9-cu maddəsi isə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı olmayan ofşor zonalara aparılan ödənişlərdən verginin tutulmasını nəzərdə tutur. Eyni zamanda güzəştli vergi tutulan ölkələrdə qeydiyyatdan keçmiş şəxsə xidmətlərin göstərilməsi ilə əlaqədar vergi ödəyicisi tərəfindən aparılan ödənişlər (xidmət haqları) hər iki maddənin vergitutma obyektini yaradır.
Vergi Məcəlləsinin 128.3-cü maddəsinə əsasən, hər il üçün güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Güzəştli vergi tutulan ölkələrin siyahısını müvafiq linkdən əldə edə bilərsiniz: http://www.e-qanun.az/framework/42606
Faiz borcları gəlirdən necə çıxılır?
Bildiyiniz kimi, Vergi Məcəlləsinin 110.1-ci maddəsinin müddəalarına əsasən xaricdən alınmış borclar üzrə faizlərin faktiki məbləği faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır. Praktika Bizə ən çox yönləndirilən suallardan biri odur ki, sözügedən faiz məhdudlaşdırılması xarici borc öhdəliyinin yarandığı tarixə uyğun hesablanmalıdır yoxsa aylıq əsasda hesablanmalıdır?
Bildirmək istəyirik ki, Vergi Məcəlləsinin 136.3-cü maddəsinin müddəalarına əsasən borc öhdəliyi üzrə faizlərin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür. Yəni ki, rezident şəxs tərəfindən qeyri-rezidentdən alınmış borc məbləğinə görə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizindən artıq olmayan faizlər həmin borcun faktiki olaraq alındığı tarixdən hesabat dövrünün sonunadək aylar üzrə olan borc məbləğinə tətbiq edilir