12-ci NƏŞR, 13.11.2023


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarı ilə təsdiq edilmiş internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydası


2023-cü ilin 1 yanvar tarixindən etibarən qüvvəyə minmiş olan “Sosial media şirkətlərinin (facebook, linkedin, instagram və s.) və bənzər qeyri-rezidentlərin virtual daimi nümayəndəlikləri” konseptli yerli qanunvericilik maddələrinə əsasən bu cür şirkətlərin elektron qeydiyyata alınaraq vergi öhdəliklərinin və bəyanının icrası nəzərdə tutulmuşdur. Sözügedən 387 nömrəli, 30.10.2023-cü il tarixli qərar isə bu qaydaları tənzimləyir.


İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezident kimdir? İnternet informasiya ehtiyatı vasitəsilə xidmətlərin göstərilməsi və işlərin görülməsi, o cümlədən elektron kitabların, musiqinin, audio və video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər üzrə satıcı (təchizatçı) kimi çıxış edən qeyri-rezident (Vergi Məcəlləsinin 13.2.6.6-cı maddəsində nəzərdə tutulan rezident anlayışı ilə əhatə edilməyən digər şəxslər) nəzərdə tutulur. Qaydaya əsasən rezidentlərə elektron ticarət qaydasında internet informasiya ehtiyatı vasitəsilə rezidentlərə işləri və xidmətləri təqdim edən və Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərməyən qeyri-rezidentlər ƏDV-nin məqsədləri üçün elektron qaydada vergi uçotuna alınır. Qeyri-rezident Qaydada tələb olunan məlumatları və sənədləri Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində yaradılmış Elektron ticarət iştirakçılarının vergi inzibatçılığına dair platformasına daxil etməlidir. Vergi uçotuna alınmaq üçün məlumatların uyğunluğu Dövlət Vergi Xidməti tərəfindən 20 işi günü ərzində nəzərdən keçirilir, uyğunluğu müvəffəqiyyətli hesab edildiyi halda qeyri-rezident uçota alınır və VÖEN-lə təmin edilir. Platformaya daxil olmaq üçün qeyri-rezidentə login və parol təqdim edilir. 


Uçota alınmış qeyri-rezidentlər təqdim etdikləri xidmətlər və gördükləri işlər üzrə ƏDV öhdəliklərini Vergi Məcəlləsinə uyğun olaraq ümumi qaydada bəyan etməli və ödəməlidirlər. Bu zaman Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən ƏDV məqsədləri üçün vergi agenti hesab edilən şəxslər tərəfindən qeyd edilən əməliyyatlar üzrə qeyri-rezidentin adından ƏDV hesablanmır və bəyan edilmir.


Qaydaya əsasən, müvafiq qeyri-rezidentlər tərəfindən aşağıda qeyd edilən şərtlərdən hər hansı biri ödənildiyi halda bəyannamə təqdim edilir: 

• İşləri və xidmətləri qəbul edən (alan) rezident şəxs ödənişi Azərbaycan Respublikasında yerləşən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı, poçt rabitəsinin milli operatoru və ya digər ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirdikdə; 

• İşləri və xidmətləri qəbul edən (alan) rezident şəxs Azərbaycan Respublikasında yerləşdikdə; 

• İşləri və xidmətləri almaq üçün həmin işləri və xidmətləri qəbul edən (alan) rezident şəxsin istifadə etdiyi cihazın IP ünvanı Azərbaycan Respublikasında yerləşdikdə; 

• İşləri və xidmətləri almaq və ya ödənişi etmək üçün rezident şəxsin istifadə etdiyi mobil operatorların ölkə kodu Azərbaycan Respublikasına aid olduqda. 


Qaydada elektron qaydada vergi uçotuna alınan qeyri-rezidentlərin uçotdan çıxarılması halları aşağıdakı kimidir: 

• Uçota alınma ilə bağlı təqdim edilən məlumatlarda və sənədlərdə sonradan düzgün olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə; 

• Vergi orqanının ƏDV bəyannaməsinin təqdim edilməsi və/və ya ƏDV öhdəliyinin ödənilməsi üzrə xəbərdarlığından sonra 30 (otuz) iş günü müddətində bəyannamə təqdim edilmədikdə və/və ya ƏDV öhdəliyi ödənilmədikdə; 

• Qeyri-rezident uçotdan çıxmaq ilə bağlı özü müraciət etdikdə; 

• Qeyri-rezidentin fəaliyyətinə xitam verildikdə. Uçotdan çıxarılmış qeyri-rezident təkrar müraciət edərsə (yenidən uçota alındıqdan sonra qeyri-rezident tərəfindən əvvəlki öhdəliklər yerinə yetirmək şərti ilə) yenidən uçota alınır. 


Nəticə etibari ilə, sözügedən qərara əsasən müvafiq platformada qeydiyyata alınacaq qeyri-rezidentlərə rezident şəxslərdən tərəfindən icra ediləcək ödənişlər üçün Məcəllə ilə müəyyən edilən ƏDV öhdəliyi aradan qaldırılacaq və bu vergi öhdəliyi platformada qeydiyyatdan keçmiş qeyri-rezident tərəfindən yerinə yetiriləcək.