6-cı NƏŞR, 14.06.2021

 

Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları

Riskli vergi ödəyicilərinin və riskli əməliyyatların meyarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 265 nömrəli, 28.07.2020-ci il tarixli qərarı ilə tənzimlənir. Bu qərar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır. Həm riskli əməliyyatların, həm də riskli vergi ödəyicilərinin meyarlarına ayrı ayrı diqqət yetirək.


1. Riskli əməliyyatların meyarları 

a) Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda göstərilən mal çeşidləri ilə alınan və ya idxal edilən mal çeşidlərinin fərqli olması aşkar edildikdə; 

b) Vergi ödəyicilərinin təqdim etdiyi malların həcmi (miqdarı) alınmış və ya idxal edilmiş malların həcmindən (miqdarından) artıq olduqda. 

 

2. Riskli vergi ödəyicisinin meyarları 

a) 1-ci bəndə qeyd edilən əməliyyatları yerinə yetirən şəxs; 

b) Aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə: Qeyd: Əmtəəsiz əməliyyat vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatdır. 

c) İdxalatçının, istehsalçının və ya idxalatçı olmayan lakin ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə; 

d) Vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə üçün əldə etdiyi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 

e) Vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə idxal etdiyi və ya əldə etdiyi malların (malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 

f) Bu meyarların a və e bəndlərində uyğun olaraq müəyyən edilmiş riskli vergi ödəyiciləri olan fiziki şəxslərin (o cümlədən fərdi sahibkarların) rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxslər, eyni zamanda sözügedən bəndlərə uyğun olaraq müəyyən edilmiş riskli vergi ödəyiciləri olan hüquqi şəxsin rəhbərinin və ya təsisçisinin müvafiq olaraq, rəhbərlik etdiyi və ya təsis etdiyi digər hüquqi şəxslər. 

g) Beşdən çox hüquqi şəxsin rəhbəri olan fiziki şəxslərin rəhbəri olduğu hüquqi şəxslər.