11-ci NƏŞR, 07.12.2022
Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnaməyə (Nazirlər Kabinetinin 189 nömrəli qərarı) dəyişiklik
Nazirlər Kabinetinin 19 avqust 2022-ci il tarixli 320 nömrəli qərarına əsasən əsasnaməyə edilən bir sıra mühüm dəyişiklər aşağıdakılardır:
1. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanacaq:
Dəyişiklikdən öncə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin qazancından (yalnız aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlardan) hesablanırdı. Belə ki, 28-ci maddəyə edilmiş dəyişikliyə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanması üzrə qərarlaşdırıldı.
2. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət bir ildən çox olmayan dövr üçün veriləcək:
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası tərəfindən əlillik müəyyən edilənədək olan dövr üçün müəyyən olunurdurdu. Lakin, yeni dəyişikliklərə əsasən (Əsasnamənin 8-ci maddəsi) bu dövr artıq bir ildən çox olmayan dövrlə məhdudlaşıb.
3. Uşağa qulluq edilməsinə görə məzuniyyətin rəsmiləşdirilməsi üzrə vaxtından gec müddətə müraciət edildiyi təqdirdə keçmiş dövr üçün müavinət verilməyəcək:
Dəyişiklik Əsasnamənin 83-cü maddəsinə edilmişdir. Belə ki, uşağa qulluq edilməsinə görə məzuniyyətin və müavinətin təyin olunması barədə sığortaolunan (işçi) tərəfindən təqdim edilmiş ərizənin artıq geriyə tətbiq qüvvəsi olmayacaq və bu ərizə müvafiq sərəncamda göstərilmiş müavinətin başlama tarixinə uyğun olaraq təqdim ediləcəkdir.
4. 1 yanvar 2021-ci il tarixindən əvvəl doğulmuş uşaqlar üçün uşağın anadan olmasına görə birdəfəlik müavinət sığortaedən tərəfindən müraciət edildiyi təqdirdə veriləcək:
Əsasnamənin 74-cü maddəsinə edilən dəyişikliyə əsasən 01 yanvar 2021-ci il və sonrası tarixdən doğulmuş uşaqlar üçün birdəfəlik müavinət artıq sığortaolunanın bank hesabına avtomatik köçürüləcək və uşağın anadan olmasının qeydiyyatına dair məlumatlar Dövlət Sosial Müdafiə Fondunun elektron sistemində mövcud olduğu təqdirdə, bu barədə bildiriş sığortaolunanın elektron poçt və ya mobil nömrəsinə göndəriləcəkdir. Dəyişiklikdən əvvəl isə anadan olmuş uşaqlar üçün birdəfəlik müavinət bir qayda olaraq sığortaedənin (işə götürənin) müraciəti əsasında təyin olunurdu.
5. Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlərə düşən iş günləri orta gündəlik qazancın hesablanması zamanı nəzərə alınmayacaq: Əsasnamənin 28-ci maddəsinə edilmiş dəyişikliklərdən öncə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə verilən məzuniyyət, uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət və məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlərə düşən iş günləri orta gündəlik qazancın hesablanması zamanı nəzərə alınırdısa, dəyişikliklər nəticəsində artıq məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlərə düşən iş günləri hesablama zamanı nəzərə alınmayacaq.