Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması qaydası və şərtləri
17-ci NƏŞR, 11.12.2024
“Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” adlı qərar “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri“ olaraq dəyişdirilmişdir. Sözügedən qərar 21.11.2024-cü il tarixində Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Dəyişikliyə əsasən riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat digər vergi ödəyiciləri tərəfindən İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi ilə yanaşı, əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı da xəbərdarlıq xarakterli bildirişlərdə əks olunacaq. Dəyişikliyə əsasən riskli əməliyyatların meyarları ləğv edilmiş, yeni meyarlar müəyyənləşdirilmişdir:
Əvvəlki Redaksiyada
Təqdim etdiyi elektron qaimə-fakturalarda göstərilən mal çeşidləri ilə alınan və ya idxal edilən mal çeşidlərinin fərqli olması aşkar edilən şəxslər
Aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə
Yeni Redaksiyada
Təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı
Əvvəlki Redaksiyada
İdxalatçının, istehsalçının və ya idxalatçı olmayan lakin ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə
Vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə üçün əldə etdiyi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə
Vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə idxal etdiyi və ya əldə etdiyi malların (malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda
Riskli vergi ödəyiciləri olan fiziki şəxslərin (o cümlədən fərdi sahibkarların) rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxslər, eyni zamanda sözügedən bəndlərə uyğun olaraq müəyyən edilmiş riskli vergi ödəyiciləri olan hüquqi şəxsin rəhbərinin və ya təsisçisinin müvafiq olaraq, rəhbərlik etdiyi və ya təsis etdiyi digər hüquqi şəxslər
Yeni Redaksiyada
Qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs
Əvvəlki Redaksiyada
Beşdən çox hüquqi şəxsin rəhbəri olan fiziki şəxslərin rəhbəri olduğu hüquqi şəxslər
Yeni Redaksiyada
Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs
Vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi qaydası və şərti.
Dəyişikliyə əsasən, meyarlardan ən azı birinə cavab verən əməliyyat üzrə vergi ödəyicisinə, habelə müvafiq əməliyyat üzrə həmin şəxsin təqdim etdiyi elektron qaimə-faktura üzrə malların (iş və xidmətlərin) alıcısına əməliyyatın aparıldığı (elektron qaimə-fakturanın təsdiq edildiyi) tarixdən 15 iş günü ərzində aparılmış əməliyyatın riskli olması barədə bildiriş-xəbərdarlıq göndərilir.
Bildiriş alındıqdan sonra 5 iş günü ərzində əməliyyatın ləğvi, izahat verilməsi və ya əməliyyatın həqiqiliyini təsdiq edən sənədlərin təqdim edilməsi tələb olunur. Əgər 5 iş günü ərzində zəruri tədbirlər görülməzsə, 1 (bir) iş günü ərzində vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilir və əmtəəsiz əməliyyatla bağlı Vergi Məcəlləsinin 58.15-1-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilir.
Vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahıdan çıxarılma qaydası və şərti.
Vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması üçün vergi orqanına ərizə ilə elektron müraciət edilməli və ərizəyə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halların aradan qaldırılması ilə bağlı və ya əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər əlavə edilməlidir. Vergi ödəyicisi tərəfindən sözügedən ərizə təqdim olunduğu tarixdən etibarən 20 iş günü müddətində vergi orqanı tərəfindən baxılaraq vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması və ya bundan imtina olunması barədə qərar qəbul edilir və 1 iş günü müddətində vergi ödəyicisinin elektron kabinetinə göndərilir.
Yuxarıdakı müddət tələbinə istisna olaraq, əmtəəsiz əməliyyatlar çərçivəsində riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyası tam həcmdə ödənildikdə vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə ərizə daxil olduğu tarixdən 3 iş günü müddətində vergi ödəyicisinin aparılmış əməliyyat üzrə riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə qərar qəbul edilir və 1 iş günü müddətində vergi ödəyicisinin elektron kabinetinə göndərilir.
Vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması tələblərinə tam və ya qismən əməl edilməməsi aparılmış əməliyyat üzrə vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı müraciətinə imtina edilməsi üçün əsasdır.