Əmək Məcəlləsinə edilmiş dəyişikliklər


16-cı NƏŞR, 09.09.2024


Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanunu ilə Əmək Məcəlləsinə dəyişikliklər edilmişdir. Bu dəyişikliklər 12 avqust 2024-cü il tarixindən etibarən qüvvədədir. 


Əmək münasibətləri və müqavilə bağlanması üzrə (Maddə 3, 7, 44, 46, 49):


Əmək müqaviləsi bildirişi anlayışı ləğv edilmişdir. Yəni, əmək münasibətləri sahəsində işəgötürənin əmək müqaviləsi bildirişini elektron informasiya sistemində gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək vəzifəsi Məcəllədən çıxarılmışdır. 


Belə ki, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. 


Əlavə olaraq, məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanılacaq əmək müqaviləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində qeydə alınmış işçi və işəgötürən barədə əmək münasibətlərinə dair məlumatların elektron informasiya sisteminə ötürülməsi əsasında elektron sənəd formasında avtomatlaşdırılmış qaydada formalaşır və formalaşan tarixdən 3 (üç) iş günündən gec olmayaraq, tərəflərin gücləndirilmiş elektron imzası vasitəsilə imzalanır. Bu halda əmək müqaviləsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. 


Digər dəyişikliklərə görə, əmək müqaviləsinin kollektiv qaydada bağlanılması ləğv edilmişdir. Müəyyən edilmiş hallar istisna olmaqla, işçidən əmək müqaviləsi bağlanarkən əmək kitabçası tələb olunmamalıdır və sadəcə onların şəxsiyyətini təsdiq edən sənəd tələb edilməlidir. 


İşçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınacaqdır. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə qəbul edilən işçilərlə, eləcə də əmək müqavilələrinə 2014-cü il iyulun 1-dək xitam verilmiş işçilərin əmək stajı onların əmək kitabçası əsasında müəyyən ediləcəkdir. Əlavə olaraq, əmək münasibətinə girən işçidən aidiyyəti dövlət informasiya sistemlərindən və ehtiyatlarından əldə edilməsi mümkün olan sənədlərin tələb edilməsi qadağan edilmişdir.


Əmək müqaviləsinə xitam verilməsi üzrə (Maddə 49, 53, 73): 


Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir və xitam tarixi əmrin imzalandığı tarixdən əvvəlki tarixə müəyyən edilə bilməz. Əvvəlki redaksiyada qeyd edilirdi ki, sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Yeni redaksiyada isə digər şərtlər eyni qalmaqla, həm kağız üzərində, həm də elektron informasiya sistemi vasitəsi ilə əmək müqaviləsinin ləğvinə imkan verilir.


Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməcəyi təqdirdə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılmış hesab olunur. Öncəki redaksiyada, müddətli əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra ləğv üçün bildiriş müddəti bir həftə idi.