5-ci NƏŞR, 19.05.2021

Əmək məcəlləsinə dəyişikliklər


Əmək məcəlləsinə dəyişiklik

 

Azərbaycan Respulikasının Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edildi. İlk öncə nəzərinizə çatdırmaq istəyirik ki, Əmək Məcəlləsində istifadə edilən əsas anlayışlara «Əmək münasibətləri» anlayışı əlavə olundu: 

Əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.

 

Digər dəyişikliyə əsasən əmək münasibətləri mülki hüquqi xarakterli müqavilələrlə tənzimlənə bilməz. Belə ki, aşağıda göstərilən hər hansı bir halın baş verməsi iki tərəf arasında əmək münasibəti kimi nəzərə alına bilər:

 

1) Tərəflər arasında bağlanmış müqavilənin mətnində işçi və işəgötürən, əmək funksiyası və onun həyata keçirildiyi yer, vəzifə, əmək haqqı, məzuniyyət, ezamiyyə, istirahət vaxtı, orta əmək haqqının saxlanması və s. bu kimi anlayışlar və müddəalar olduqda, əmək kitabçası təhvil alındıqda.

2) Tərəflər arasındakı münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda. Məsələn, işçinin hamiləlik və hamiləlikdən sonrakı uşağa qulluq müddəti zamanı yerinə digər şəxsin işə cəlb edildikdə

3) Tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı olduqda. 

4) Mülki münasibat üzrə müvəqqəti xarakter daşıyan (tapşırıq müqaviləsi) işlərin icra müddəti bitsə də, tərəflər arasında bağlanmış müqavilənin icrasının hələ də davam etdirilməsi, yəni mövsümi işləri həyata keçirən müəssisə, məsələn kənd təsərrüfatı müəssisəsi tərəfindən əkin, yığım və qablaşdırma kimi mövsümi xarakter daşıyan işlərin yerinə yetirilməsi üçün bağlanmış mülki hüquqi xarakterli müqavilələrə mövsüm bitdikdən sonra xitam verilmədiyi halda. 

5) Tərəflər arasında bağlanmış müqavilədə xidmət haqqından əlavə olaraq mükafat, komissiya, faiz və sair bu xarakterdən olan digər xüsusi əlavələr nəzərdə tutulduqda.